Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Qarabağ İdarəsinin Xocalı rayon bölməsində tədbir keçirildi.
Tədbir işitrakçıları əvvəlcə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "Heydər Parkı"nda ucaldılmış Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər.
Tədbirdə çıxış edən natiqlər Azərbaycanın ilk xüsusi xidmət orqanlarının yaranma tarixindən və təhlükəsizlik orqanlarımızın cümhuriyyət, sovet və müstəqillik illərində fəaliyyətindən danışdılar. Qeyd edildi ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra dövlətçiliyin təhlükəsizliyini təmin etmək, yəni onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Belə ki, o vaxtlar Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş denikinçilərin, bolşeviklərin, ermənilərin və sair qüvvələrin təxribat-pozuculuq fəaliyyətləri təhlükəsizlik orqanlarının yaradılmasının zəruriliyinin qaçılmaz olduğunu göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin qarşılaşdığı ciddi maliyyə imkansızlığı, kadr potensialının çatışmazlığı, daxili siyasi yekdilliyin olmaması, hər tərəfdən göstərilən hərbi təzyiqlər və sairə bu kimi çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti Müdafiə Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirən bir bölmə yaratdı.
1920-ci ilin aprel işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı, özünün 23 aylıq ömrünə son verdi. Bununla da müsəlman Şərqində ilk demokratik respublika qurmağa nail olan hökumətin digər dövlət strukturları ilə yanaşı, Əksinqilabla Mübarizə Təşkilatı da fəaliyyətini dayandırmağa məcbur oldu. Azərbaycan Xalq Cümhuriyyətinin güc strukturlarını və burada fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyətini isə sovet totalitar rejimi öz repressiya məngənəsində məhv etdi.
Çıxışlarda Azərbaycanda dövlət təhlükəsizliyi sistemində əhəmiyyətli işlər görmüş və gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında böyük xidmətləri olmuş Ulu öndərin fəaliyyətindən danışıldı. Vurğulandı ki, xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyətinə nəzər yetirdikdə görərik ki, öz yüksək intellektual səviyyəsinə, peşəkarlığına, işgüzarlığına, əməliyyat şəraitini qiymətləndirmək və təşkilatçılıq bacarığına görə həmkarlarından seçilən bu böyük insan təhlükəsizlik orqanlarının milliləşdirilməsi sahəsində nə qədər böyük işlər görmüşdür. 1953-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinə rəis təyin olunan Heydər Əliyev göstərilən təzyiqlərə baxmayaraq, təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, milliləşmə siyasətinin aparılmasında, milli kadrların irəli çəkilməsində böyük cəsarət, prinsipiallıq və hünər göstərmişdir.
Bildirildi ki, bu gün Ulu öndərin siyasi kursunu inamla və uğurla davam etdirən, müstəqilliyimizi əzmlə möhkəmləndirən, demokratik prinsiplərə söykənərək sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək, etibarlı və təhlükəsiz gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradılmışdır.
Sonda xidmətdə fərqlənən Dövlət Təhlükəsizliyi Xidmətinin Qarabağ İdarəsinin Xocalı rayon bölməsinin bir qrup əməkdaşı Fəxri Fərmanla təltif edildilər.